LUKA 20

20
İsanın səlahiyyəti
(Mat. 21:23-27; Mark 11:27-33)
1Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb 2Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 3İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: 4Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» 5Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 6Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». 7Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». 8İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
Pis bağbanlar məsəli
(Mat. 21:33-46; Mark 12:1-12)
9 # Yeş. 5:1-7 İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. 10Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. 11Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. 12O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. 13Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. 14Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. 15Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? 16Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».
17 # Zəb. 118:22 Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir?
“Bənnaların rədd etdiyi daş
Guşədaşı olub”.
18Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».
19İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
Hər kəsin öz haqqı
(Mat. 22:15-22; Mark 12:13-17)
20İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. 21Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. 22Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 23Amma İsa onların hiyləsini başa düşüb belə dedi:#20:23 dedi – bəzi əlyazmalarda dedi: «Məni niyə sınağa çəkirsiniz? (Mat. 22:18; Mark 12:15). 24«Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». 25İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 26İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.
Dirilmə haqqında sual
(Mat. 22:23-33; Mark 12:18-27)
27 # Qanun. 25:5; Həv. 23:8 Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: 28«Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 29Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. 30İkincisi də,#20:30 İkincisi də – bəzi əlyazmalarda İkincisi də bu arvadı aldı, amma övladsız öldü. 31üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. 32Hamısından sonra bu qadın da öldü. 33Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
34İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. 35Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. 36Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. 37#Çıx. 3:6Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. 38Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».
39İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». 40Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.
Məsih kimin Oğludur?
(Mat. 22:41-46; Mark 12:35-37)
41Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? 42-43#Zəb. 110:1Axı Davud özü Zəbur kitabında
“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”
deyib. 44Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?»
İsa ilahiyyatçıları məzəmmət edir
(Mat. 23:5-7; Mark 12:38-40)
45Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: 46«İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. 47Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Выбрано:

LUKA 20: AZJ08

Выделить

Поделиться

Копировать

None

Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь