YARADILIŞ 8
8
Daşqının sonu
1Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 2Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 3Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 4Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 5Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.
6Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 7bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 8Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. 9Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 11Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.
13Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.
15Allah Nuha dedi: 16«Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 18Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
20Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 21Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
22Dünya durduqca
Əkin-biçin, isti-soyuq,
Yay-qış və gecə-gündüz
Sona yetməyəcək».
Выбрано:
YARADILIŞ 8: AZJ08
Выделить
Поделиться
Копировать
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
© United Bible Societies 2009