YouVersion Logo
Search Icon

DANİEL 6

6
Daniel şirlərlə quyuda
1Dara qərara aldı ki, ölkəyə başçılıq etmək üçün padşahlığın bütün ərazisinə yüz iyirmi canişin təyin etsin, 2onlara isə üç vəzir başçılıq etsin. Bu canişinlər onlara hesabat versin, padşaha da ziyan dəyməsin. Həmin üç vəzirdən biri Daniel idi. 3Bu adam – Daniel başqa vəzirlərdən və canişinlərdən üstün idi, çünki o, iti ağla malik idi. Buna görə də padşah qərara gəlmişdi ki, onu bütün ölkəyə başçı qoysun.
4Belə olanda vəzirlər və canişinlər Danieli ölkənin idarə işlərində ittiham etmək üçün bir bəhanə axtarmağa başladılar, ancaq heç bir bəhanə və təqsir tapa bilmədilər, çünki Daniel etibarlı idi və onda heç bir səhv yaxud təqsir tapılmadı. 5Nəhayət, bu adamlar dedi: «Əgər bu adamın – Danielin Allahının dinində onun əleyhinə bir şey tapmasaq, ona qarşı bir bəhanə tapa bilməyəcəyik».
6Onda bu vəzirlər və canişinlər padşahın yanına gəldi və ona belə dedi: «Qoy padşah Dara həmişə sağ olsun! 7Ölkənin bütün vəzirləri, əmirləri, canişinləri, müşavirləri və valiləri birlikdə razılaşdı ki, belə bir padşah fərmanı və qadağan əmri verilsin: ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın. 8Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala». 9Padşah Dara belə bir fərmanı və qadağan əmrini imzaladı.
10Daniel belə bir fərmanın imzalandığını öyrəndikdə öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi. 11Onda bu adamlar birlikdə oraya gedib Danielin Allaha dua etdiyini və yalvardığını gördülər. 12Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir». 13O vaxt onlar padşaha dedi: «Ey padşah, sürgün olunmuş Yəhudalılardan olan Daniel səni və imzaladığın qadağan əmrini saymayaraq gündə üç dəfə dua edir». 14Padşah bu sözləri eşidəndə çox kədərləndi və ürəyində niyyət etdi ki, Danieli qurtarsın. Padşah hətta günəş batana qədər onu xilas etməyə çalışdı. 15Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz».
16Bunu eşitdikdə padşah əmr etdi və Danieli gətirib şirlər olan quyuya atdılar. Padşah Danielə belə dedi: «Daim qulluq etdiyin Allahın səni qurtarsın!» 17Sonra bir daş gətirilib quyunun ağzına qoyuldu. Danielin hökmündə heç nə dəyişməsin deyə padşah özünün möhür üzüyü və əyanlarının üzükləri ilə daşı möhürlədi. 18Sonra padşah öz sarayına qayıtdı. Gecəni yemək yemədən və əylənmədən keçirdi, yuxusu da qaçdı.
19Səhər açılanda padşah yerindən qalxıb tələsik şirlərin olduğu quyuya getdi. 20Oraya yaxınlaşanda kədərli səslə Danieli çağırıb dedi: «Ey Daniel, var olan Allahın qulu! Daim qulluq etdiyin Allahın səni şirlərdən qurtara bildimi?» 21Onda Daniel padşaha dedi: «Qoy padşah həmişə sağ olsun! 22Allahım Öz mələyini göndərib şirlərin ağzını bağladı və onlar mənə toxunmadı, çünki mənim Allahın önündə təqsirsiz olduğum bilindi. Ey padşah, sənə qarşı da heç bir cinayət etməmişəm». 23Onda padşah çox sevindi və Danieli quyudan çıxarmağı əmr etdi. Daniel quyudan çıxarılanda onun bədənində heç bir zədə yox idi, çünki öz Allahına güvənmişdi. 24Padşah əmr etdi və Danieli ittiham edən adamlar gətirildi. Onları uşaqları və arvadları ilə birlikdə şirlərin olduğu quyuya atdılar. Quyunun dibinə çatmamış şirlər onları qapıb sümüklərini qırdı.
25O zaman padşah Dara bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub olan adamlara belə yazdı: «Sülhünüz bol olsun! 26Fərman verirəm ki, bütün padşahlığımın ərazisində olan adamlar Danielin Allahından qorxub titrəsin.
O, var olan Allahdır, əbədi olaraq mövcuddur,
Onun padşahlığı dağılmaz və hökmranlığı sonsuzdur.
27O qurtarıb xilas edər, göydə və yerdə əlamətlər,
Möcüzələr göstərər.
Danieli şirlərin pəncəsindən O qurtardı».
28Bu adam – Daniel Daranın, Fars Kirin padşahlığında uğur qazandı.

Currently Selected:

DANİEL 6: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in