YouVersion Logo
Search Icon

DANİEL 5

5
Belşassarın ziyafəti
1Padşah Belşassar min nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi. 2Belşassar şərab içərkən əmr etdi ki, babası Navuxodonosorun Yerusəlimdəki məbəddən çıxardığı qızıl və gümüş qabları gətirsinlər və padşah, əyanları, arvadları və cariyələri onlarla şərab içsin. 3Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladı. 4Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdi.
5Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü. 6Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı. 7Padşah ucadan qışqırdı ki, ovsunçuları, Xaldeyli müdrikləri və falçıları gətirsinlər. Gələn Babil müdriklərinə padşah belə dedi: «Kim bu yazılanı mənə oxuyub mənasını izah etsə, ona qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaq». 8Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər. 9Onda padşah Belşassar daha da vahiməyə düşdü və bənizi soldu, əyanları da heyrətə düşdü.
10Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: «Qoy padşah həmişə sağ olsun, fikirlərin səni vahiməyə salmasın, bənizin də solmasın. 11Sənin padşahlığında müqəddəs allahların ruhuna malik olan bir adam var. Sənin babanın dövründə o, nuraniliyə, dərrakəyə və allahların müdrikliyi qədər müdrikliyə malik olması ilə tanınırdı. Baban padşah Navuxodonosorun özü onu sehrbazların, ruhçağıranların, Xaldeyli müdriklərin və əlamət baxıcılarının başçısı qoymuşdu. 12Çünki padşahın Belteşassar adlandırdığı bu adam – Daniel iti ağla, biliyə, dərrakəyə, yuxuları yozmaq, müəmmaları açmaq və çətinlikləri həll etmək qabiliyyətinə malik olması ilə tanınmışdı. İndi qoy Danieli çağırsınlar, o sənə bunun mənasını izah edəcək».
13Onda Danieli padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: «Padşah babamın Yəhudadan sürgün edərək gətirdiyi Yəhudalılardan olan Daniel sənsənmi? 14Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var, nuranilik, dərrakə və böyük müdriklik sahibisən. 15Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi. 16Sənin barəndə isə eşitmişəm ki, yozum verib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını izah edə bilsən, sənə qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaqsan».
17Onda Daniel padşaha cavab verdi: «Qoy hədiyyələrin özünə qalsın, mükafatlarını da başqasına ver. Yazılanı isə mən padşaha oxuyub mənasını izah edə bilərəm. 18Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi. 19Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı. 20Ancaq ürəyi qürurlanıb inadkar olanda padşahlıq taxtından salındı və izzəti əlindən alındı. 21O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur. 22Sən – onun övladı Belşassar da bütün bunları bildiyin halda itaətkarlıq etmədin, 23əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin.
24Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı. 25Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin. #5:25 Mene – arami dilində hesablanmış yaxud mina (pul vahidi), Teqel çəkilmiş yaxud şekel (pul vahidi), Parsin bölünmüş, Farslar yaxud yarım şekel. 26Sözlərin mənası isə budur: Mene – Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu; 27Teqel – sən tərəzidə çəkildin və yüngül olduğun bilindi; 28Peres – sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi».
29Onda Belşassarın əmri ilə Danielə qırmızı libas geyindirdilər, boynuna qızıl zəncir asdılar və o, padşahlıqda üçüncü adam elan olundu.
30Həmin gecə Xaldey padşahı Belşassar öldürüldü. 31Altmış iki yaşlı Midiyalı Dara hakimiyyəti əlinə aldı.

Currently Selected:

DANİEL 5: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in