Logotipo da YouVersion
Ícone de Pesquisa

YARADILIŞ 7

7
1Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 2Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür. 3Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür. 4Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 5Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
6Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7#Mat. 24:38-39; Luka 17:27 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
10Yeddi gün sonra yer üzündə daşqın oldu. 11#2Pet. 3:6 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.
13Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 15həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 16Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
17Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 18Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 19Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 20Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 21Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.

Atualmente Selecionado:

YARADILIŞ 7: AZJ08

Destaque

Compartilhar

Copiar

None

Quer salvar seus destaques em todos os seus dispositivos? Cadastre-se ou faça o login

A YouVersion utiliza cookies para personalizar sua experiência. Ao utilizar nosso site, você aceita o uso de cookies como descrito em nossa Política de Privacidade