Logo YouVersion
Îcone de recherche

YARADILIŞ 29

29
Yaqubun Paddan-Arama gəlişi
1Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi. 2O gördü ki, çöllükdə bir quyu var və onun yanında üç qoyun sürüsü yatıb, çünki quyudan o sürülərə su verirdilər. Quyunun ağzında böyük bir daş var idi. 3Bütün sürülər oraya yığılırdı. Adamlar daşı quyunun ağzından yuvarlayıb qoyunlara su verir və yenə daşı yerinə – quyunun üstünə qoyurdular.
4Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq». 5Yaqub onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq». 6Yaqub onlardan soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla gəlir». 7Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su verin, sonra aparıb otarın». 8Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik».
9Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi. 10Yaqub dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi. 11Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı. 12Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına danışdı.
13Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı. 14Lavan ona dedi: «Sən, doğrudan da, mənim sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı.
Yaqubun Leanı və Rəhiləni arvad alması
15Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə, haqqın nə olsun?» 16Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi. 17Leanın gözləri zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi. 18Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə üçün sənə yeddi il xidmət edərəm». 19Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha yaxşıdır. Yanımda qal». 20Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü.
21Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim». 22Lavan o torpağın bütün adamlarını topladı və bir ziyafət verdi. 23Gecə qızı Leanı götürüb Yaqubun yanına apardı. Yaqub onun yanına girdi. 24Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi. 25Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?» 26Lavan dedi: «Bizim yerdə kiçik qızı böyüyündən əvvəl ərə vermək olmaz. 27Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də yanımda daha yeddi il xidmət etməlisən». 28Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı Rəhiləni ona arvad olmaq üçün verdi. 29Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün verdi. 30Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha yeddi il xidmət etdi.
Yaqubun övladları
31Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi. 32Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven #29:32 Ruven – ibrani dilində baxın, bir oğul. qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək». 33O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon#29:33 Şimeon – ibrani dilində eşitmək. qoydu. 34Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi #29:34 Levi – ibrani dilində bağlanma. qoydu. 35O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda #29:35 Yəhuda – ibrani dilində mədh edilmiş. qoydu. Sonra o, bir müddət doğmadı.

Sélection en cours:

YARADILIŞ 29: AZJ08

Surbrillance

Partager

Copier

None

Tu souhaites voir tes moments forts enregistrés sur tous tes appareils? Inscris-toi ou connecte-toi