YouVersion Logo
Search Icon

YEZEKEL 48

48
Torpağın bölüşdürülməsi
1«Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq. 2Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 3Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 4Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 5Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 6Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 7Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
8Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq. 9Rəbbə xüsusi olaraq verəcəyiniz payın uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq. 10Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq. 11Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı. 12O yer ölkənin müqəddəs payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq.
13Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq. 14Levililər oranı satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir.
15Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında olacaq. 16Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac. 17Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac. 18Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq. 19İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq. 20Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın.
21Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə məbədin Müqəddəs məkanı oranın ortasında olacaq. 22Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq.
23Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək. Sərhədi şərqdən qərbə qədər uzanacaq. 24Şimeona bir pay veriləcək. Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 25İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 26Zevuluna bir pay veriləcək. Sərhədi İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 27Qada bir pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq. 28Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. 29İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə bəyan edir.
Şəhərin darvazaları
30 # Vəhy 21:12-13 «Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq. 31Şəhərin darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi darvazası. 32Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan darvazası. 33Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun darvazası. 34Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali darvazası. 35Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma #48:35 Yahve-Şamma – ibrani dilində Rəbb oradadır. adlanacaq».

Currently Selected:

YEZEKEL 48: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in