YARADILIŞ 11
11
Babil qülləsi
1Bütün dünyada bir dil və bir danışıq var idi. 2İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. 3Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər. 4Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq».
5Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. 6Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq. 7Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər». 8Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. 9Buna görə də o yerin adına Babil #11:9 Babil – bu söz ibrani dilində qarışdırmaq mənasını verən balal sözünə bənzəyir. dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
Samdan İbrama qədər olan nəsillər
(1Saln. 1:24-27)
10Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu. 11Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
12Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu. 13Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
14Şelah otuz yaşında olanda oğlu Ever doğuldu. 15Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
16Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu. 17Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
18Peleq otuz yaşında olanda oğlu Reu doğuldu. 19Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
20Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu. 21Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
22Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu. 23Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
24Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu. 25Terah doğulandan sonra Naxor yüz on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 26Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu.
27Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi. 28Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü. 29İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi. 30Saray sonsuz idi, onun uşağı olmurdu.
31Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar.
32Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.
Currently Selected:
YARADILIŞ 11: AZJ08
Označeno
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009