YARADILIŞ 1
1
Dünyanın yaranması
1 #
Yəh. 1:1-3; İbr. 11:3 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3 #
2Kor. 4:6 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. 5Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6 #
2Pet. 3:5 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». 7Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 8Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. 10Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 13Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 17Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 18gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. 19Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». 21Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26 #
1Kor. 11:7 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 27#Yar. 5:2; Mat. 19:4-5; Mark 10:6 #Yar. 5:1-2 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 30Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 31Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.
Одоогоор Сонгогдсон:
YARADILIŞ 1: AZJ08
Тодруулга
Хуваалцах
Хувилах
Тодруулсан зүйлсээ бүх төхөөрөмждөө хадгалмаар байна уу? Бүртгүүлэх эсвэл нэвтэрнэ үү
© United Bible Societies 2009