YARADILIŞ 24
24
İshaq və Rivqa
1İbrahim qocalıb yaşa dolmuşdu. Rəbb hər şeydə ona xeyir-dua vermişdi. 2Bir gün İbrahim evində bütün işləri idarə edən qulbaşıya dedi: «Əlini budumun altına qoyub 3göyün və yerin Allahı Rəbbin adına mənə and iç ki, oğluma aralarında yaşadığım Kənanlıların qızlarından arvad almayacaqsan, 4ancaq mənim ölkəmə, qohumlarımın yanına gedib oğlum İshaq üçün arvad alacaqsan». 5Nökər ona dedi: «Bəlkə qız mənimlə birgə bu ölkəyə gəlməyə razı olmadı? Onda oğlunu sənin çıxdığın ölkəyə aparımmı?» 6İbrahim ona dedi: «Bax oğlumu oraya aparma. 7Məni atamın evindən və doğulduğum yerdən çıxaran, mənimlə danışan və and içərək “bu torpağı sənin nəslinə verəcəyəm” deyən göylərin Allahı Rəbb Öz mələyini sənin önündə göndərəcək və sən oradan oğluma arvad alıb gətirəcəksən. 8Əgər o qadın səninlə gəlmək istəməsə, sən bu anddan azad olursan. Ancaq mənim oğlumu oraya aparma». 9Nökər əlini ağası İbrahimin budu altına qoyub bu işə görə ona and içdi.
10Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə,#24:10 Aram-Naharayim – Mesopotamiya. Naxorun yaşadığı şəhərə gəldi. 11Axşam qadınlar su çəkmək üçün çıxdıqları zaman onun dəvələri şəhərin kənarında olan su quyusunun yanında dayandı. 12Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. 13Mən bu bulağın yanında dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər. 14Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən».
15O, duasını bitirməmişdi ki, İbrahimin qardaşı Naxorun arvadı Milkadan doğulan oğlu Betuelin qızı Rivqa çiynində səhəng gəldi. 16Qız görünüşcə çox gözəl idi və hələ bakirə idi. O, bulağa endi və səhəngini doldurub yuxarı qalxdı. 17Nökər onun qabağına qaçıb dedi: «Xahiş edirəm, səhəngindən mənə bir az su ver, içim». 18Qız dedi: «Ağam, buyur iç». Qız tez səhəngini əli üstünə endirdi və ona su verdi. 19Ona su verəndən sonra dedi: «Dəvələrin üçün də su çəkim, içib doysunlar». 20Qız tez səhəngini təknəyə boşaltdı, su çəkmək üçün cəld quyunun yanına qaçdı və nökərin bütün dəvələri üçün su çəkdi. 21O adam sakit duraraq diqqətlə qıza baxırdı ki, Rəbbin onun yoluna xeyir-dua verib-vermədiyini bilsin.
22Dəvələr su içib qurtaranda o adam çəkisi bir beqa olan qızıl burun halqası, qızın qolları üçün çəkisi on şekel olan iki bilərzik götürüb dedi: 23«Mənə de görüm, sən kimin qızısan? Atanın evində bizə gecələmək üçün yer tapılarmı?» 24Qız ona dedi: «Mən Milkanın Naxora doğduğu Betuelin qızıyam». 25Yenə dedi: «Bizdə saman da, yem də çoxdur və gecələməyə yer də var». 26O adam əyilib Rəbbə səcdə etdi. 27Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi».
28Qız qaçıb anasının evində bu barədə danışdı. 29Rivqanın bir qardaşı var idi, adı Lavan idi. Lavan çıxıb o adamın yanına – bulağa qaçdı. 30O, bacısının burun halqasını və qollarındakı bilərziyi görəndə, bacısı Rivqanın «bu adam mənimlə belə danışdı» sözlərini eşidəndə o adamın yanına gəldi. O, bulaq başında dəvələrin yanında dayanmışdı. 31Lavan dedi: «Ey Rəbbin xeyir-dua verdiyi adam, içəri gir. Nə üçün bayırda durursan? Mən sənə otaq və dəvələrinə yer hazırlamışam». 32O adam evə girdi. Lavan dəvələrin yükünü boşaltdı, onlara saman və yem verdi, o adama və onunla birgə olanlara ayaqlarını yumaq üçün su verdi. 33Onların qabağına yemək gətirildi, ancaq həmin adam dedi: «Məqsədimi söyləməyincə yeməyəcəyəm». Lavan dedi: «Söylə».
34O dedi: «Mən İbrahimin nökəriyəm. 35Rəbb ağama çoxlu xeyir-dua verdi: onu varlandırdı, ona qoyun-keçi, mal-qara, qızıl-gümüş, qullar, qarabaşlar, dəvələr və eşşəklər verdi. 36Ağamın arvadı Sara da qoca ikən ağama bir oğul doğdu. Ağam özünə məxsus olan hər şeyi ona verdi. 37Sonra da məni and içdirərək dedi: “Ölkələrində yaşadığım Kənanlıların qızlarından oğluma arvad alma, 38ancaq atamın evinə – qohumlarımın yanına gedib oradan oğluma bir arvad al”. 39Mən ağama dedim: “Bəlkə o qadın mənimlə gəlmədi”. 40O mənə dedi: “Önündə davrandığım Rəbb səninlə Öz mələyini göndərəcək, yolun uğurlu olacaq və qohumlarımın arasından – atamın evindən oğluma bir arvad alacaqsan. 41Qohumlarımın yanına getdiyin zaman içdiyin anddan azad olacaqsan: əgər o qızı sənə verməsələr, içdiyin anddan azad olacaqsan”.
42Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç. 43İndi mən bulağın yanında dururam; su çəkməyə gələn və mənim ona ‹xahiş edirəm, mənə səhəngindən bir az su ver, içim› deyəcəyim, 44onun da mənə ‹sən də iç, dəvələrinə də gedib su çəkim› söyləyəcək qız ağamın oğlu üçün Rəbbin təyin etdiyi arvad olsun”. 45Mən ürəyimdə dua etməyi qurtarmamışdım ki, Rivqa səhəngi çiynində gəldi və bulağa enib su çəkdi. Ona dedim: “Xahiş edirəm, mənə su ver”. 46O tez səhəngini çiynindən endirib dedi: “Sən iç, gedim dəvələrinə də su verim”. Mən içdim, o isə dəvələrə su verdi. 47Ondan soruşdum: “Sən kimin qızısan?” O dedi: “Milkanın Naxora doğduğu Betuelin qızıyam”. Mən də onun burnuna halqa və qollarına bilərziklər taxdım. 48Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim. 49İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim».
50Lavan və Betuel ona belə cavab verdilər: «Bu iş Rəbdən oldu; sənə nə yaxşı, nə də pis söz deyə bilərik. 51Bax Rivqa qarşındadır: onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun». 52İbrahimin nökəri onların sözlərini eşidəndə yerə qapanıb Rəbbə səcdə etdi. 53Nökər qızıl-gümüş şeylər və paltarlar çıxarıb Rivqaya verdi. Onun qardaşına və anasına da qiymətli şeylər bağışladı. 54Özü və onunla birgə olan adamlar yeyib-içdilər və orada gecələdilər. Səhər qalxanda nökər dedi: «Məni ağamın yanına göndərin». 55Qızın qardaşı ilə anası dedilər: «Qoy qız bizimlə heç olmasa on gün qalsın, sonra gedər». 56Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim». 57Onlar dedilər: «Qoy qızı çağırıb öz dilindən eşidək». 58Rivqanı çağırıb ona dedilər: «Bu adamla gedirsənmi?» O da «gedirəm» dedi. 59Onlar bacıları Rivqanı, onun dayəsini, İbrahimin nökərini və onunla olan adamları yola saldılar. 60Rivqaya xeyir-dua verib dedilər:
«Ey bacımız,
Minlərlə, on minlərlə övlada ana olasan!
Qoy nəslin yağıların yurduna sahib olsun!»
61Rivqa və qulluqçuları qalxıb dəvələrə mindilər və o adamla birgə getdilər. Beləliklə, nökər Rivqanı götürüb getdi.
62İshaq Beer-Laxay-Roi yolu ilə gəldi, çünki o, Negev torpağında yaşayırdı. 63Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. 64Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. 65O, nökərdən soruşdu: «Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir?» Nökər «ağamdır» dedi. Rivqa rübəndini üzünə çəkib örtündü.
66Nökər baş vermiş bütün işlər barədə İshaqa danışdı. 67İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı.
ទើបបានជ្រើសរើសហើយ៖
YARADILIŞ 24: AZJ08
គំនូសចំណាំ
ចែករំលែក
ចម្លង
ចង់ឱ្យគំនូសពណ៌ដែលបានរក្សាទុករបស់អ្នក មាននៅលើគ្រប់ឧបករណ៍ទាំងអស់មែនទេ? ចុះឈ្មោះប្រើ ឬចុះឈ្មោះចូល
© United Bible Societies 2009