YouVersion Logo
Search Icon

LUKA 13

13
Tövbəyə çağırış
1Bu vaxt orada olan bəzi adamlar İsaya xəbər verdilər ki, Pilat bəzi Qalileyalıların qanını kəsdikləri qurbanların qanına qatmışdı. 2İsa buna belə cavab verdi: «Siz elə bilirsiniz ki, bu aqibətə uğramış Qalileyalılar bütün digər Qalileyalılardan daha betər günahlı idilər? 3Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız. 4Yaxud Şiloah qülləsi on səkkiz adamın üstünə aşıb onları öldürəndə onların Yerusəlim sakinlərinin hamısından təqsirkar olduqlarını fikirləşirsiniz? 5Xeyr, Mən sizə deyirəm: tövbə etməsəniz, hamınız onlar kimi məhv olacaqsınız».
Barsız əncir ağacı
(Mat. 21:18-19; Mark 11:12-14)
6Sonra İsa bu məsəli danışdı: «Bir adamın bağında bir əncir ağacı əkilmişdi. Bu adam gəlib ağacda meyvə axtardı, amma tapmadı. 7O, bağbana dedi: “Bura bax, üç ildir ki, mən gəlib bu əncir ağacında meyvə axtarıram, amma tapmıram. Onu kəs! Nə üçün bu ağac əbəs yerə torpağı tutur?” 8Bağbansa cavabında belə dedi: “Ağa, bir il də buna əl dəymə. Mən onu belləyib dövrəsinə peyin tökərəm. 9Gələn il bu ağac meyvə gətirsə, yaxşıdır, yox, gətirməsə, onu kəsərsən”».
Şənbə günü şəfa vermək olarmı?
10İsa bir dəfə Şənbə günü sinaqoqlardan birində təlim öyrədirdi. 11Orada on səkkiz il daxilində xəstəlik ruhu olan beli bükülmüş bir qadın var idi. O, belini heç düzəldə bilmirdi. 12İsa bu qadını görəndə çağırıb dedi: «Ey qadın, sən azarından azad oldun». 13İsa əllərini qadının üstünə qoyanda o dərhal dikəlib Allahı izzətləndirməyə başladı. 14#Çıx. 20:9-10; Qanun. 5:13-14Amma sinaqoqun rəisi İsanın Şənbə günü şəfa verdiyinə hiddətlənib camaata belə xitab etdi: «İş görmək üçün altı gün var, o günlər gəlin və şəfa alın, Şənbə günü yox». 15Rəbb isə ona belə cavab verdi: «Ey ikiüzlülər, sizlərdən hər biriniz Şənbə günündə öz öküzünün ya eşşəyinin bağını açıb tövlədən su içməyə aparmırmı? 16İbrahimin qızı olan bu qadını da on səkkiz il ərzində Şeytan buxovlamışdı. Şənbə günü bu qadının buxovlarını açmaq lazım deyildimi?» 17İsa bunları deyəndə Ona qarşı çıxanlar hamısı utandı. Camaatın hamısı isə Onun etdiyi bütün izzətli işlərinə görə sevinirdi.
Xardal toxumu və maya məsəlləri
(Mat. 13:31-33; Mark 4:30-32)
18Sonra İsa dedi: «Allahın Padşahlığı nəyə bənzəyir? Onu nəyə bənzədim? 19O bir adamın bağçasına əkdiyi xardal toxumuna bənzəyir. O toxum böyüyüb ağac olur. Göydə uçan quşlar onun budaqlarında yuva qurur».
20İsa yenə dedi: «Allahın Padşahlığını nəyə bənzədim? 21O, xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə#13:21 Kisə – yunan mətnində saton, təqribən 37 litr. una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
Dar qapı
(Mat. 7:13-14,21-23)
22İsa şəhər və kəndləri gəzib təlim öyrədərək Yerusəlimə tərəf gedirdi. 23Bir nəfər Ondan soruşdu: «Ya Rəbb, xilas tapanların sayı az olacaqmı?» İsa onlara belə cavab verdi: 24«Dar qapıdan girməyə çalışın. Sizə bunu deyirəm: çoxları bu qapıdan girməyə can atacaq, amma girə bilməyəcək. 25#Mat. 25:11-12Ev yiyəsi durub qapını bağlayandan sonra siz bayırda durub qapını döyərək deyəcəksiniz: “Ey ağam, bizə qapını aç!” O isə cavabında sizə deyəcək: “Mən sizin haradan gəldiyinizi bilmirəm!” 26Siz o vaxt belə deyəcəksiniz: “Biz Sənin qarşında yeyib-içmişik. Sən bizim küçələrdə öyrədirdin”. 27#Zəb. 6:8O isə sizə deyəcək: “Ey haqsızlıq edənlərin hamısı, Mən sizin haradan gəldiyinizi bilmirəm, Məndən uzaq olun!” 28#Mat. 8:11-12; 22:13; 25:30İbrahimi, İshaqı, Yaqubu və bütün peyğəmbərləri Allahın Padşahlığında, özünüzü isə bayıra atılmış görəndə aranızda ağlaşma və diş qıcırtısı olacaq. 29Adamlar şərqdən, qərbdən, şimaldan, cənubdan gələcək və Allahın Padşahlığında süfrəyə oturacaq. 30#Mat. 19:30; 20:16; Mark 10:31Budur, elə axırıncılar var ki, birinci olacaq, elə birincilər var ki, axırıncı olacaq».
Yerusəlimin aqibəti
(Mat. 23:37-39)
31O zaman bəzi fariseylər gəlib İsaya dedilər: «Buradan çıx get, çünki Hirod Səni öldürmək istəyir». 32İsa onlara dedi: «Gedin o tülküyə deyin: “Budur, Mən bu gün və sabah cinləri qovub camaatı sağaldacağam və üçüncü gün işimi bitirəcəyəm”. 33Yenə də bu gün, sabah və o biri gün yoluma davam etməliyəm. Çünki peyğəmbər Yerusəlimdən kənarda öldürülə bilməz!
34Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 35#Zəb. 118:26; Yer. 12:7; 22:5; 26:6Baxın, eviniz viran qalır. Mən sizə bunu deyirəm:
“Rəbbin ismi ilə Gələnə alqış olsun!”
deyənə qədər Məni bir daha görməyəcəksiniz».

Currently Selected:

LUKA 13: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in