LEVİLİLƏR 6
6
1 #
Say. 5:5-8 Rəbb Musaya dedi: 2«Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, 3itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə, 4o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı 5yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın. 6Bu adam Rəbbin qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. 7Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın».
Kahinlər üçün təlimat: yandırma qurbanı
8Rəbb Musaya dedi: 9«Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy sönmədən yansın. 10Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun. 11Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün. 12Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın. 13Qoy bu od qurbangahda daima yansın və sönməsin.
Taxıl təqdimi
14Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın qabağında təqdim etsinlər. 15Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə təqdimidir. 16Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində mayasız çörək kimi yesinlər. 17Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir. 18Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs sayılar”».
Təqdis təqdimi
19Rəbb Musaya dedi: 20«Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam, 21zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir. 22Harun nəslindən yerinə keçən məsh edilmiş kahin onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın. 23Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir».
Günah qurbanı
24Rəbb Musaya dedi: 25«Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir. 26Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin. 27Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun. 28Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın. 29Kahin nəslindən hər kişi onu yesin; o ən müqəddəsdir. 30Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın.
Currently Selected:
LEVİLİLƏR 6: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009