YouVersion Logo
Search Icon

LEVİLİLƏR 13

13
Cüzam və dəri xəstəlikləri
1Rəbb Musaya və Haruna dedi: 2«Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam #13:2 Cüzam – yaxud iyrənc dəri xəstəliyi. kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. 3Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin. 4Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 5Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. 6Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın. 7Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin. 8Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır.
9Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin. 10Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa, 11bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır. 12Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə, 13qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın. 14Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın. 15Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır. 16Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin 17və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır.
18Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra 19və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin. 20Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır. 21Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 22Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir. 23Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin.
24Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə, 25kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir. 26Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. 27Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir. 28Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir.
29Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda 30kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur. 31Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin. 32Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə, 33qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. 34Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın. 35Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa, 36kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın. 37Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin.
38Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa, 39qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.
40Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın. 41Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın. 42Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır. 43Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə, 44o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.
45Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. 46Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.
Parçadakı iyrənc kif
47Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim 48yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur. 49Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin. 50Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin. 51Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın. 52Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın.
53Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb, 54kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin. 55Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız. 56Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın. 57Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın. 58Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.
59Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».

Currently Selected:

LEVİLİLƏR 13: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in