YouVersion Logo
Search Icon

LEVİLİLƏR 10

10
Nadavla Avihunun məhv olması
1Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi. 2Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər. 3Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir:
“Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar;
Bütün xalq məni izzətləndirsin”».
Harun isə susurdu.
4Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun». 5Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular. 6Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun. 7Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər.
Kahinlər üçün təlimat
8Rəbb Haruna dedi: 9«Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 10#Yez. 22:26; 44:23 Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun. 11Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin».
12 # Lev. 6:14-18 Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir. 13Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür. 14#Lev. 7:30-34 Yellədilən döş ətini və qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb. 15Qaldırılan bud ətini və yellədilən döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir».
16 # Lev. 6:24-26 Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi: 17«Siz nə üçün günah qurbanını müqəddəs sayılan yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz. 18Təkənin qanı içəri, Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli idiniz». 19Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə məqbul olardımı?» 20Musa bunu eşidib razılaşdı.

Currently Selected:

LEVİLİLƏR 10: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in