YARADILIŞ 25
25
İbrahimin ölümü
(1Saln. 1:32-33)
1İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi. 2Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. 3Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular. 4Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. 5İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi. 6Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.
7İbrahim yüz yetmiş beş il ömür sürdü. 8O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu. 9Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar. 10#Yar. 23:3-16 O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı. 11Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.
İsmailin oğulları
(1Saln. 1:28-31)
12Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir. 13Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam, 14Mişma, Duma, Massa, 15Xadad, Tema, Yetur, Nafiş və Qedma; 16İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi. 17İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu. 18İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.
Yaqub və Esav
19İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. 20İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. 21İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. 22Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. 23#Rom. 9:11-12 Rəbb ona dedi:
«Sənin bətnində iki millət var,
Sənin qarnından iki xalq çıxacaq.
Bir xalq o biri xalqdan güclü olacaq,
Böyüyü kiçiyinə qulluq edəcək».
24Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. 25İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav #25:25 Esav – ibrani dilində tüklü. qoydular. 26Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub #25:26 Yaqub – ibrani dilində topuq tutan. qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi.
27Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. 28İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi.
29Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. 30Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom #25:30 Edom – ibrani dilində qırmızı. adı verildi. 31Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». 32Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» 33#İbr. 12:16 Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. 34Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.
Currently Selected:
YARADILIŞ 25: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009